* * *Yenəmi alçalaq biz torpaq kimi,Ruzgara baş əyək bir yarpaq kimi?Yenəmi yel olub torpaq sovuraq,Xəzəllə, tikanla oynayıb duraq?Torpaqdan nə qədər xərc alsa ruzgar,Aldığı torpaqla çuxur doldurar.Bundan aldığını ona verərək,Aldığı mayanı qaytarır külək.Bu qat-qat yerlərə diqqətlə bir bax,Torpaqdan qurulmuş bu yerlər ancaq,Gah zəlzələ qopar, gah sellər axar,Torpaq tuta bilməz bir yerdə qərar.Zəlzələ batırar, su yuyar onu,Sonra düzəngaha çevrilər sonu.O vadi, zamanın hökümləriyləDönüb qışlaq olur obaya, elə.Bu fani torpaqdan hər arxı bir su,Bir də külək qazmış, sözün doğrusu.Yerin hüdudundan o tərəfdə dəBulutlar, fələklər qaçışır yenə.Onlar bir-birinə sarılmış bərk-bərk,Hamsı top kimidir, gəzir kürə tək.Bu kürə şəklində yalnız yer deyil,Hər xətt ki, hərlənir yuvarlaqdır, bil.Tüstü bu dərədən qalxar yuxarı,Iki-üç cidalıq gəzər ruzgarı,Sonra əyilərək, geriyə dönər,Bu yer kürəsinin başına enər.Pərgar xətti kimi dolanan fələkYalnız bu qaydayla dövr edir, gerçək.Səhradan bir bulut qalxarsa əgər,Ucalar müəyyən nöqtəyə qədər.Uçar ucalığın son zirvəsinə,Lakin o sərhəddi aşammaz yenə.O da dairədə dolanıb qalar,O da bir dairə şəklini alar.Çadır tək çataraq bulut qaşını,Yerin üfüqünə qoymuş başını.Onun qoşununa yetirsən nəzər,Dairə olmağa o da meyl edər.Hər sadə damcının əsil cövhəriDəryaya meyl edir əzəldən bəri.Bax, yeddi dalğalı bu çərxi-fələkGetdikcə yüksəlir, hey yüksələrək.Üfüqdə də olsa, göydə də olsa,Həmişə yüksəlmək adətdir ona.Onun bu uçuşu bənzər xəyala,O da ucaldıqca yetər kamala.Fələkdən yuxarı dolaşma artıq,Ondan da yuxarı yoxdur ucalıq.Hələ açılmamış elm ilə göylər,Lakin hər elm də gülür bir səhər.Bir qara pul olsun, bir arpa əgər,Onda dörd gövhərdən tapılar əsər.Toxum göyərsə də torpaqdan, sudan,Bu sirri axtarıb tapmamış insan.Toxumu bəsləyən torpaqdır ancaq.Ona şəkil də mi verir bu torpaq?Nizamsız olsaydı yeraltı bir an,Salxım olardımı, deyin, toxumdan?Tutaq, salxım olur bir dənin sonu,Şəkil qalıbına kim salır onu?Fikri dolaşdıran bu pərdə də bir,Halları dəyişən səbəb gizlənir.O səbəb nədirsə sənin yanında,Aç, söylə, gizləmə onu canında.Bir səbəb gördükdə arif olanlarAnlar ki, yaratmış onu səbəbkar.Nizami, uzaqlaş bu fikirlərdən,Düşmə bu dünyanın tələsinə sən.